Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951-2012) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə mədəniyyət və təhsil ocaqlarının nümayəndələri, sənət adamları və Xalq artistinin ailə üzvləri iştirak ediblər.

Tədbirin aparıcısı Nurlan Həsənzadə sənətkarın həyat və yaradıcılığından danışıb. Aktyorun Azərbaycan səhnəsində və kinosunda yaddaqalan obrazlar qalereyası yaratdığını bildirib.    

Daha sonra aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, xatirələrini bölüşüblər.

Xatirə gecəsi Yaşar Nuriyə həsr olunmuş videoçarxla davam edib.

Tədbirdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Zakir Əliyev, Elza Seyidcahan, Natiq Fərzəliyev və Azad Şükürovun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmçinin Nurlan Həsənzadə, Zümrüd Bədəlova, Vüqar Bəxtiyar, Elnarə Heydərova, Cavid Telman və Ramin Abdullayevin çıxışları da alqışlarla müşayiət olunub.

Mərhum sənətkarın qızı Ülkər Yaşarqızının ifası tədbirə rəng qatıb.