Fəvvarələr meydanında ənənəvi yarmarka

 

Dekabrın 13-də paytaxtdakı Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. “Nargis” Fondunun təşkil etdiyi yarmarkanın tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi və digər qurumlardır. Xeyriyyə yarmarkası “PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “Boutique One”, “Azərçay” və başqa şirkətlərin dəstəyi ilə keçirilir.

Açılış mərasiminə tanınmış sənətçilərin də qatıldığı xeyriyyə yarmarkası 2022-ci il yanvar ayının 15-dək (hər gün saat 11:00-dan 23:00-dək) davam edəcək. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.

Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər.

“Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. Fond  2013-cü ildən etibarən Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” qış xeyriyyə yarmarkasını təşkil edir.