Mihay Emineskunun şeirlər kitabının təqdimatı
Dekabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Rumıniyanın Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30 illiyi münasibətilə tədbir keçirilib.
Rumıniyanın Azərbaycandakı Səfirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə görkəmli rumın şairi Mihay Emineskunun Azərbaycan dilində nəşr olunmuş şeirlər kitabının təqdimatı keçirilib. Eyni zamanda tematik sərgiyə baxış olub.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare bildirib ki, ölkəsi Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb: “30 il bundan öncə Azərbaycan çətin dövrlərini yaşayırdı. Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Azərbaycan bizim üçün qardaş ölkədir”.
Diplomat bildirib ki, Mihay Emineskunun rumın dilində yazdığı poetik nümunələr ilk dəfə Azərbaycan dilinə tərcümə olunub. Kitabı Rumıniyada universitet təhsili almış Jalə İsmayıl tərcümə edib. Kitabın orijinallığı təkcə onun rumın dilindən tərcüməsində deyil, həm də rumın rəssamlarının əsər haqqında çəkdiyi, onu necə qavradıqlarını göstərən rəsmləridir: “Kitabı yaxşı dərk etmək üçün şəkillər gözəl vasitədir. Bu layihədən sonra Bakıda Rumıniya rəssamlarının sərgisi də açılacaq”.
Mihay Emineskunun şeirlər kitabının Azərbaycan dilində nəşrinin əlamətdar hadisə olduğunu deyən şair, tərcüməçi Səlim Babullaoğlu bildirib ki, dövlətlər arasında dostluq insanlar arasındakı münasibətə bənzəyir: “Rumıniya ilə 30 illik dostluğumuzu yaşadıq. Bu illər ərzində biz hər zaman Rumıniyanı yanımızda gördük. İnsanlar ölsə də, şeir əbədidir”.
Kitabın Jalə İsmayılın sətri tərcümələri əsasında ərsəyə gəIdiyini deyən Səlim Babullaoğlu bildirib ki, bu tərcümələrə poetik məzmun verib. Tərcümə zamanı şeirin metrik ölçüləri saxlanılıb. Səlim Babullaoğlu kitabdan bir şeir oxuyub.
Milli Xalça Muzeyin direktoru Şirin Məlikova bildirib ki, ölkələr arasında müxtəlif səviyyələrdə münasibətlərin yaranması sevindirici haldır. Muzeydə belə bir tədbirin keçirilməsi hər iki ölkə arasında olan dostluğa bir töhfədir: “Azərbaycanı tanımaq üçün Milli Xalça Muzeyi gözəl bir məkandır. Rumıniya səfirinin muzeyimizi ziyarət etməsi bizim ölkəyə göstərdiyi marağı əks etdirir”.
Rumıniyada ali təhsil almış Jalə İsmayıl deyib: “Xarici ədəbiyyatla maraqlananlar çox güman ki, Mihay Emineskunun yaradıcılığı ilə tanışdır. O, rumın ədəbiyyatının “dan ulduzu”, Avropanın sonuncu romantiki sayılır. Mənim sətri tərcümələrim belə qalsaydı, onu heç kəs oxumazdı. Səlim Babullaoğluna sətri tərcümələrimə poetik rəng qatdığı üçün təşəkkür edirəm”.
İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zagura bildirib ki, Rumıniyada da xalça mədəni irs sayılır. Bu layihəni Xalça Muzeyində keçirmək olduqca əlamətdardır: “İnanıram ki, muzeyin gizli bir guşəsində, nağıllarda olduğu kimi, “uçan xalça” saxlanılır və bu xalça ölkələr arasında mədəni körpü yaratmağa kömək edir”.
Sonra iştirakçılar muzeylə tanış olublar.