Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının tamaşası təqdim olunacaq.

Teatrın solisti, Əməkdar artist Ramil Qasımov 22 ildən bu tamaşada Sərvər obrazında səhnəyə çıxacaq. O deyib: “Azərbaycan mədəniyyət xəzinəsinin ən parlaq nümunələrindən olan, illər ərzində ən çox sevilən əsərlərdən birinə çevrilən, bu gün də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan “O olmasın, bu olsun” tamaşasının teatrımızın zəngin səhnə repertuarında xüsusi yer var. Böyük fəxarətlə deyə bilərəm ki, dahi bəstəkarımızın bir sıra əsərlərində baş rollarda çıxış etmək şərəfinə nail olmuşam. “Koroğlu”, “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşalarını xüsusi olaraq qeyd edə bilərəm. “O olmasın, bu olsun” tamaşasının mənim səhnə fəaliyyətimdə çox böyük özəlliyi vardır. 1999-cu ildə 15 yaşım olarkən, ilk dəfə ifa etdiyim baş rol obrazı Sərvəri 22 ildən sonra yenidən, eyni həyəcan və məsuliyyətlə doğma teatrımda tamaşaçılarımıza təqdim edəcəyəm”.

Qeyd edək ki, tamaşada teatrının aparıcı solistləri – Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər Ramil Qasımov (Sərvər), İnarə Babayeva (Gülnaz), Cahangir Qurbanov (Qoçu Əsgər), Gülüstan Əliyeva (Sənəm), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy) və solist Fəhmin Əhmədli (Həsən bəy) iştirak edəcəklər. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.