Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artist Novruz Qartalı (Əliyev) ziyarət edib.

Aktyorun səhhəti, müalicəsinin gedişi ilə maraqlanan komitə sədri dövlət tərəfindən, həmçinin Heydər Əliyev Fondu tərəfindən mədəniyyət, incəsənət xadimlərinin qayğılarına hər zaman həssas yanaşıldığını vurğulayıb. Aktyorun Musiqi Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) səhnəsində oynadığı rollar, eləcə də 90-cı illərdə cəbhə bölgələrində, hərbi hissələrdə, hospitallarda hərbçilərimiz qarşısında maraqlı proqramlarla çıxışlar etdiyi minnətdarlıqla xatırlanıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının teatr rəhbərliyi də sənətçiyə diqqət və dəstək göstərir. Mədəniyyət Nazirliyi də aktyorun vəziyyəti barədə məlumatlıdır.

Novruz Qartalın uzunillik fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib. O, 2013-cü ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2015-2018-ci illərdə Prezident mükafatı alıb.

Dəyərli sənət xadiminə Allahdan şəfa diləyirik.