Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşir. Bu, dekabrın 14-də Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər: media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı; maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə; sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir.

Layihəyə əsasən, aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər: ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; siyasi partiyalar (çap mediası istisna olmaqla); dini qurumlar (çap mediası istisna olmaqla).

Qanun layihəsi 9 fəsil 78 maddədən ibarətdir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.