Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb.

Eyni zamanda Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər müzakirə olunub.

Dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb. Alyansın mənzil-qərargahındakı görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

“NATO normallaşma istiqamətində bütün səyləri və Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləyir. Prezident İlham Əliyevlə də bu məsələni müzakirə etdik. Həll olunmamış bütün məsələlər diplomatik vasitələrlə həll olunmalıdır”, – deyə Baş katib vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, nəqliyyat inteqrasiyası region üçün böyük imkandır. Zəngəzur dəhlizi yalnız Azərbaycanın Naxçıvana giriş əldə etməsi üçün deyil. Həmçinin Ermənistan üçün önəmlidir ki, Naxçıvan vasitəsilə İrana və Azərbaycan ərazisi vasitəsilə Rusiyaya dəmiryolu xətti əlaqəsi qursun.

Prezident diqqətə çatdırıb ki, regionda kommunikasiyaların açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd edilib: “Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmiryolu xəttinin tikilməsi ilə bağlı razılığa gəlmişik. Həmçinin avtomobil yolunun inşası ilə bağlı razılıq əldə etmişik. Lakin avtomobil yolunun istiqaməti hələ dəqiqləşməyib. Bu, gələcək müzakirələrin predmetidir. Biz bu axşam üçtərəfli görüşdə mütləq bu məsələni müzakirə edəcəyik. Zəngəzur dəhlizindən istifadə qaydalarına gəlincə, bu, Laçın dəhlizindəki kimi olmalıdır. Bu gün Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır. Ya hər iki tərəfdə gömrük postu olmur, ya da hər iki tərəfdə gömrük postu qurulur”.