Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yeni layihə - videoçarxın təqdimatı olub.

Tədbiri məktəbin nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas V.Nəsirova açaraq “Nizami Gəncəvi İli”ndə ölkəmizdə və xaricdə silsilə tədbir və layihələrin həyata keçirldiyini deyib.

Sonra videoçarx nümayiş olunub. Layihənin rəhbəri məktəbin direktoru A.Yusifova, videoçarxın tərtibatçısı müəllim C.Həsənovdur.

Layihədə məktəbin fortepiano şöbəsinin müəllimləri S.Quliyeva, S.Ağabalayeva, N.Bayramova, A.Əliyeva, A.Gülməmmədova, S.Cəfərzadə, A.Dadaşova, Ə.Nəbizadənin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən “Döyüşçülər rəqsi”, “Sənətkarların rəqsi”, “Hind gözəli”, “Slavyan gözəli”, “Çin gözəli”, “Gözəllər gözəli”, “Xarəzm gözəli” və “Məğrib gözəli” musiqi parçaları səslənib. Onların ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.