Dekabrın 14-də Türkiyənin Azərbaycandakı və Moldovadaki sabiq səfiri Hulusi Kılıç ilə Ankarada fəaliyyət göstərən Hacı Bayram Vəli Universitetinin tələbələri arasında görüş keçirilib.

Öncə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra diplomat, “Türkiyə-Azərbaycan əlaqələrinin tarixi prosesi və İkinci Qarabağ müharibəsi” mövzusunda çıxış edib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, müəllim və tələbə heyəti iştirak edib.

Səfir 1915-ci ilin Çanaqqala zəfərindən başlayaraq günümüzdə baş verən proseslərə qədər iki qardaş ölkə arasındakı münasibətləri müqayisəli şəkildə təhlil edərək Azərbaycan-Türkiyə əlaqələrinin təməlində mənəvi dəyərlərin və tarixi keçmişin dayandığını vurğulayıb.

Hulusi Kılıç Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı parlaq Qələbəni bütün Türk dünyasının tarixi nailiyyəti kimi dəyərləndirib: “Azərbaycan-Türkiyə qardaşlığı regiona uzunmüddətli sülh və kompleks inkişaf gətirəcək. Azərbaycanın qazandığı tarixi hərbi Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyət bölgədə formalaşmaqda olan yeni münasibətlər sisteminin təməlini təşkil edir”.

Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün Ankara və İrəvanın xüsusi nümayəndələr təyin etməsi, həmçinin Ermənistan paytaxtına çarter reyslərin açılacağı barədə məlumatlara münasibət bildirən səfir diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyü Türkiyə üçün, hər zaman olduğu kimi, bundan sonra da bir nömrəli məsələ olacaq. Türkiyə Ermənistanla bütün münasibətləri Azərbaycanla birgə məsləhətləşmələr əsasında Azərbaycanın maraqlarının qorunması şərti ilə quracaq. Bu yanaşma Türkiyə dövlətinin mövqeyi, türk xalqının tələb və istəyidir. Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” prinsipi ilə Şuşa Bəyannaməsinin (15 iyun 2021) ruhuna uyğun olaraq davam edəcək.

Sonra Prezident İlham Əliyevin səfir Hulusi Kılıça Azərbaycanın “Dostluq” ordenini təqdim etməsi barədə videoçarx nümayiş olunub.

Diplomat tələbələri maraqlandıran suallara ətraflı cavab verib.

Mehparə SULTANOVA
Ankara