Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Əməkdar jurnalist Qərib Mehdinin (Mehdiyev) 85 illik yubileyi qeyd olunub.

Məhsəti Gəncəvi Mərkəzində keçirilən yubiley gecəsində Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, idarə rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Əlimuxtar Muxtarov,  Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və başqaları çıxış edərək yubilyarın yaradıcılığı barədə danışıb, təbriklərini çatdırıblar.

Bildirilib ki, Qərib Mehdi ədəbi yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. Ədibin "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub, bir sıra əsərləri xarici dillərə tərcümə olunub.

Gecədə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının muğam üçlüyünün ifasında xalq və bəstəkar mahnıları səslənib.

Sonda Qərib Mehdi tədbirin təşkilində əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.