Həyatımızın bütün sahələrinə nüfuz edən informasiya-kommunikasiya texnologiyaları təhsildə də geniş tətbiq olunmaqdadır. Son illər Azərbaycanın təhsil məkanında, o cümlədən ali təhsil ocaqlarında elektron tədris resurslarının inkişafına geniş yer ayrılır.
Azərbaycan Turizm İnstitutunda bu məsələyə xüsusi diqqət verilir. İnstitutda Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. İnstitut bu sahədə həyata keçirilən bir sıra layihələrin iştirakçısıdır. ATİ-nin Qafqaz və Xəzər universitetləri ilə birlikdə təmsil olunduğu layihələrdən biri də Almaniyanın GTZ təşkilatının 2008-ci ildən Azərbaycanda həyata keçirdiyi "Cənubi Qafqazda institusional qurum və insan resurslarının inkişafı" layihəsidir.
Layihə çərçivəsində adıçəkilən üç ali məktəbin Koordinasiya Şurası yaradılıb. Bu günlərdə Koordinasiya Şurasının üzvləri Gürcüstanın Batumi şəhərində keçirilən “Təlimçilərin təlimi (TOT)” adlı seminarda iştirak ediblər. Seminarın keçirilməsində məqsəd elektron təhsilə Azərbaycanda daha çox ali təhsil müəssisələrini cəlb etməkdir.
Turizm İnstitutunun Kitabxana İnformasiya Mərkəzinin müdiri Gülşən Mehdiyeva bizimlə söhbətində Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı məlumat verdi, elektron təhsilin əhəmiyyətindən danışdı. Onun sözlərinə görə, Koordinasiya Şurası tərəfindən hazırlanmış strategiya əsasında bir sıra işlər görülüb: «Şuranın daha bir fəaliyyəti Azərbaycan elektron təhsil portalının (www.elearning.edu.az) yaradılmasıdır. Portalda «Moodle», «Exe learning» proqramı əsasında qurulmuş fənn materialları modullar üzrə yerləşdirilib. Bundan başqa, burada özünü yoxlamaq üçün suallar, testlər, animasiyalar, fənnin qavramasını rahat edən digər üsullardan da istifadə olunub».
Həmsöhbətimizin dediyinə görə, Koordinasiya Şurasının üzvləri dörd ildə bir neçə təlimdən keçiblər və GTZ-nin sertifikatını alıblar: «Bu proses indi də davam edir. Onlar öz bilik və bacarıqlarını artırmaqla yanaşı, bir neçə beynəlxalq elmi-praktiki konfrans və seminarlarda da fəal iştirak edirlər. Azərbaycan tərəfindən hazırlanan təqdimatlar bu tədbirlərdə daima böyük maraqla qarşılanıb. Bunlardan “E-Təhsil və iqlim dəyişməsi”, “Valideynlər üçün E Təhsil” kimi çıxışların adlarını çəkmək olar».
G.Mehdiyeva bildirdi ki, müasir dünyanın dəyişməsi, biliklərin daha çevik və asan ötürülməsi üsullarından ən effektlisi elektron təhsil, elektron öyrənmə, yaxud e-öyrənmə (e-learning) sistemidir. Bu sistemin bir sıra xüsusiyyətləri var: «Burada zaman və məkan məhdudiyyəti yoxdur, tələbə mövzunu öyrənənə qədər onun üzərində çalışa bilər, hər kəs öz qavrama qabiliyyətinə uyğun olaraq öyrənə bilər və başa düşmədiyi halda kommunikasiya vasitələri ilə müəllim və digər tələbələrlə əlaqə qura bilər».
Elektron təhsilin əhəmiyyətindən danışan G.Mehdiyevanın fikrincə, bu təhsilin ən böyük önəmi insanın bütün həyat boyu bilik əldə etmək imkanının olmasıdır: «Digər tərəfdən isə elektron təhsil bizə malik olduğumuz imkanların yeni yollarla istifadəsinə, bazara, keyfiyyət və mövqeyə diqqəti yönəltməyə, gələcəkdə əldə edəcəyimiz uğurların əsasını qoymağa, biznesi inkişaf etdirməyə və s. zəmin yaradır. Eyni zamanda elektron təhsil vaxt baxımdan əlverişlidir».
Həmsöhbətimiz onu da qeyd etdi ki, universitetlərdə elektron təhsildən istifadənin faydaları çoxdur. Bu təhsil ilk növbədə distant təhsili inkişaf etdirmək üçün olan tələbi qarşılayır, pedaqoji və işgüzar modelləri özündə saxlayaraq daha çox insana təhsil şansı yaradır, eyni zamanda isə pedaqoji bazarın tələblərini nəzərə alaraq yüksək keyfiyyətli təhsil imkanı verir. Elektron təhsil həmçinin ali təhsil ocaqlarında tədris şərtlərinin çevikliyini artırır, tələbələrin uzaq məsafədən evlərinə, istirahət etdikləri yerlərə və iş yerlərinə təhsilin inteqrasiyasına imkan yaradaraq öyrənmə şansını yüksəldir.
Fəxriyyə Abdullayeva