Xəbər verdiyimiz kimi, 13-18 dekabr tarixində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası keçirilir. Sessiyanın gündəliyində digər məsələlərlə yanaşı, Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına salınmaq üçün təqdim olunmuş nominasiya fayllarına da baxılır.
UNESCO ərəb xəttatlığını özünün Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib. UNESCO-nun saytında yer alan məlumatda ərəb xəttatlığı “axıcı yazı sənəti, harmoniya və gözəlliyin ifadəsi” kimi xarakterizə edilib.
Səudiyyə Ərəbistanı İrsini Mühafizə Cəmiyyətinin icraçı direktoru Əbdül Məcid Məhbub bildirib ki, ərəb xəttatlığı ərəb-müsəlman dünyasının simvoludur, lakin müasir dünyada öz aktuallığını itirir və bu sahədə mütəxəssislərin sayı sürətlə azalır. Qeyd edib ki, xəttatlığın mədəni irs siyahısına salınması bu sənət növünün qorunub saxlanılmasına müsbət təsir göstərəcək. Bildirib ki, xəttatlıq Səudiyyə Ərəbistanı və Ərəb Dövlətləri Liqasının rəhbərliyi altında 16 müsəlman ölkəsinin əməkdaşlığı nəticəsində siyahıya daxil edilib.
Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi 2020 və 2021-ci illəri “Ərəb Xəttatlığı İlləri” elan edib. Qeyd edək ki, Hökumətlərarası Komitənin sessiyanın müzakirəsinə ümumilikdə Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına salınmaq üçün 48 element təqdim olunub.