Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və AMEA Ədəbiyyat İnstitutunun dəstəyi ilə Nizami Gəncəvinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusunun təqdimatı keçirilib.

Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasında təşkil olunan mərasimdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Bolqarıstanın Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstanın Şərq Dili və Mədəniyyət Mərkəzinin direktoru, professor İvo Panov, Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri professoru İrina Sarıivanova, şairlər Gergina Dvoretska, Dimitr Xristov çıxış ediblər. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyeva tədbirə videobağlantı vasitəsilə qoşulublar.

Natiqlər Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünya, Şərq və Azərbaycan ədəbiyyatında yeri, Nizami irsinin Şərq miniatür sənətinə,  musiqiyə təsiri, Nizaminin Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratması, həmçinin onun bolqar alimlər arasında nə dərəcədə tanınması haqqında söhbət açıblar.

Çıxış edənlər “Nizami Gəncəvi İli” çərçivəsində çoxsaylı kitabların işıq üzü gördüyünü,  şairin qəzəllərinin bolqar dilinə çevirilməsinin iki ölkənin ədəbi həyatında əlamətdar hadisə olduğunu bildiriblər.

Tədbirin sonunda şairin bir neçə qəzəli bolqar və Azərbaycan dillərində oxunub.

Nizami Gəncəvinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusunun Bolqarıstanın kitabxanaları, ali təhsil müəssisələri və elmi-tədris mərkəzlərində yayılması nəzərdə tutulub.