Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Kuba Respublikasının Azərbaycandakı, eləcə də Özbəkistan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Günay Əfəndiyeva təşkilatın fəaliyyəti barədə diplomata məlumat verərək, türk xalqların çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə müxtəlif ölkələrdə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb. Fond ilə Kubanın Azərbaycandakı Səfirliyi arasında yaranan yeni əməkdaşlıq əlaqələrinin müxtəlif xalqların ümumbəşəri dəyərlərinin tanıdılmasına töhfələr verəcəyinə inam ifadə olunub.

Səfir Alfredo Nieves Portuondo Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən işləri izlədiyini qeyd edib. Diplomat Fondun yalnız türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətləri qurmasını təqdir edərək, təşkilatı eyni zamanda dünya xalqlarının mədəniyyətlərini bir-birinə yaxınlaşdıran körpü kimi qiymətləndirib. 

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Kuba arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb.