“Biz açıq şəkildə demişik ki, buna hazırıq”

 

Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur.

Prezident İlham Əliyev bu sözləri dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini 27 il sonra həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır: “Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünki mən bir neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var. Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır: “Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Bizə gəlincə isə, bizim mövqeyimiz açıq-aşkardır. Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik”.

İki ölkə arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının göstərdiyi səylər barədə suala cavabında İlham Əliyev vurğulayıb ki, hər iki vasitəçidə həqiqi istəyi görür: “Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardandır. Onların görəcəyi çox iş var, çox geniş gündəlikləri var. Əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu, o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk. Biz burada hər hansı rəqabət görmürük, baxmayaraq, bəziləri düşünə bilər ki, bu, bir növ rəqabətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistan sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalaşdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq”.

Hər iki ölkədə ictimai rəyi yeni münasibətlərə hazırlamaq, eləcə də qarşılıqlı şəkildə nifrət və düşmənçiliyin təbliğindən çəkinmək barədə Beynəlxalq Ədalət Məhkəməsinin bu yaxınlarda elan etdiyi qərarla bağlı suala cavab olaraq Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət siyasəti münasibətlərin normallaşdırılması məqsədi daşıyır: “Bu, bizim mövqeyimizdir və mən bunu açıq şəkildə bəyan edirəm. İctimai rəyə gəlincə, başa düşmək lazımdır ki, demək olar, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər”.

Dövlət başçısı qeyd edib ki,  Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hisslərinin olması təbiidir: “Mən “xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq” desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik. Bizim siyasətimiz budur”.

***

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmiryolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmiryolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək.