“İlk dəfədir ki, ittiham xarakterli çıxışlar edilmir”

 

Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədləri əlaqələrimizin xarakterini nümayiş etdirir.

Dövlət başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmiryolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Prezident vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlət başçısı deyib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Prezident İlham Əliyev deyib ki, biz gələcəyə baxmalıyıq.

İlham Əliyev həmçinin ATƏT-in Minsk qrupunun roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını, Azərbaycanın Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Deyib ki, bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.

Prezident işğaldan azad edilmiş ərazilərdə minalar məsələsinə toxunaraq Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirib. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Dövlət başçısı eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.