Türkiyə qeyri-maddi mədəni irsinin daha bir nümunəsi UNESCO-nun siyahısına salınıb. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyasında qardaş ölkənin təqdim etdiyi “Hüsn-i hat” – ənənəvi İslam kalliqrafiya sənəti” nominasiya faylı Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda vurğulanır ki, bununla ölkənin UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarındakı irs nümunələrinin sayı 21-ə yüksəlib. Qeyd edək ki, onlardan 20-si Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısında, 1 element isə Təcili qorunmağa ehtiyacı olan Qeyri-maddi mədəni irs Siyahısında yer alıb. O cümlədən 3 element (Novruz, nazik çörək bişirmə və paylaşma mədəniyyəti və Bahar bayramı: Hıdırellez) Türkiyənin digər ölkələrlə birlikdə təqdim etdiyi çoxmillətli nominasiyalardır. Xatırladaq ki, Novruz bayramı və nazik çörək (lavaş) bişirmə və paylaşma mədəniyyəti ilə bağlı nominasiya faylları Azərbaycanın da təşəbbüsü və iştirakı ilə hazırlanaraq UNESCO-da qəbul olunub.

Türkiyənin UNESCO-ya təqdim etdiyi “Çay mədəniyyəti”, “Ənənəvi Ahlat daş işi”, “Nəsrəddin Hoca lətifələri söyləmək ənənəsi” və “İpək həşəratçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” kimi elementlər də növbəti illərdə dəyərləndiriləcək.

UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası 2008-ci ildə qüvvəyə minib və müvafiq siyahılar da həmin ildən tərtib olunur. Türkiyə UNESCO-nun siyahılarında ən çox elementi olan ilk 5 ölkə arasındadır. Bu sırada birinci sıranı Çin (41 element) tutur.

Azərbaycan da öncül ölkələr arasındadır. Ölkəmizin ümumilikdə 15  qeyri-maddi mədəni irs elementi UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarında yer alıb. Builki sessiyada Azərbaycanın təqdimat faylı müzakirə olunmur.

Hökumətlərarası Komitənin sessiyası dekabrın 13-də işə başlayıb və ayın 18-dək davam edəcək. 2020-ci ildə olduğu kimi, bu il də sessiya pandemiya səbəbindən onlayn formatda keçirilir.

Mehparə SULTANOVA
Ankara