M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2016-cı ildə ilə "Gənclərə dəstək" layihəsi həyata keçirilir. Ötən müddətdə gənc musiqiçilərə sənət yolunda dəstək olan layihə üzrə çoxsaylı konsertlər təşkil edilib.

Filarmoniyanın “Gənclərə dəstək” layihəsinin 5 illiyi də konsert proqramları ilə qeyd edilir. Belə tədbirlərdən biri dekabrın 15-də Gürcüstanın Tbilisi şəhərində, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gerçəkləşib. Konsert proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi, SOCAR şirkətinin dəstəyi ilə baş tutub.

Konsertdən öncə “Gənclərə dəstək” layihəsinin koordinatoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə çıxış edərək layihənin məqsədi, ötən müddətdə həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, layihə çərçivəsində təqdim olunan proqramlar klassik musiqidən muğam, caz, xor və estradayadək müxtəlif zövqlərə malik çox geniş auditoriyaya ünvanlanıb.

Budəfəki proqramda respublika və beynəlxalq müsabiqələr laureatları Natəvan Həsənova (qanun), Zümrüd Əlizadə (piano), Həzrət Əzizli (xanəndə), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hüseyn Əliyev (vokal), Ərtoğrul Balayev (piano), Nərgiz Əliyeva (Əməkdar artist, konsertmeyster) və Dilarə Kərimova (konsertmeyster) çıxış ediblər.

Sonda konsertin iştirakçıları diplom və təşəkkürnamələr ilə təltif olunub.