Dekabrın 17-də görkəmli alim, ustad jurnalist, filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynovun (1924–2019) anadan olmasının 97-ci ildönümü münasibətilə Mətbuat Şurasında anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynov 95 illik ömründə nəinki Azərbaycan jurnalistikası qarşısında, bütövlükdə ictimai fikir tarixində müstəsna xidmətlər göstərib. “Şirməmməd Hüseynov uzun və mənalı həyatında elmi xəzinə yaradıb. Bu xəzinə özlüyündə gələcəyin tədqiqatçıları və alimləri üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mənbədir. O, yalnız alim deyildi, eyni zamanda ideoloq idi, məfkurə qaynağı idi. Şirməmməd müəllimin Azərbaycan jurnalistikası, bütövlükdə elmi qarşısındakı xidmətləri öyrənilməli və cəmiyyətə çatdırılmalıdır”, – deyə Ə. Amaşov vurğulayıb.

Əməkdar jurnalistlər Tahir Aydınoğlu, Tofiq Yusif və digər çıxış edənlər Ş.Hüseynovla bağlı xatirələrini danışıblar.

***

Professor Şirməmməd Hüseynovun anadan olmasının 97-ci ildönümü münasibətilə onun uzun illər çalışdığı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində də tədbir keçirilib.

Əvvəlcə fakültənin professor və müəllimləri IIi Fəxri xiyabanda alimin məzarını ziyarət ediblər.

Xatirə tədbirində fakültənin dekanı Vüqar Əliyev, professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Nəsiman Yaqublu, Həmid Vəliyev, Akif Rüstəmov, dekan müavini Samir Mirzəyev görkəmli alim və mətbuat xadimi Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasında rolundan, zəngin yaradıcılığından danışıblar.

Sonra alimin ömür-gün yoldaşı Ülkər Hüseynovanın “Cümhuriyyət adamı” kitabının təqdimatı olub. Ülkər Hüseynova kitabda görkəmli alimə həsr edilən məqalələrin toplandığını bildirib, kitabın ikinci hissəsinin üzərində işlədiyini deyib.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev professor Şirməmməd Hüseynovun elmə, təhsilə böyük töhfələr verdiyini vurğulayıb.