Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilmiş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib

Professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans dekabrın 17-də işini Azərbaycan Milli Kitabxanasında davam etdirib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, BDU-da Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü qoyan Abuzər Xələfovun əməyindən, xidmətlərindən söz açıb .

“Biz Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik. Hamımız Azərbaycan kitabxanaçılarının ağsaqqalı Abuzər müəllimin yazdığı əsərlərdən, məqalələrdən bəhrələnib, onun əsərlərinə istinad etmişik. Ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri olub. O, kitabxanaçılıq işi tarixinə öz imzasını ömürlük qoyub”, – deyə K.Tahirov bildirib.

BDU Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Ələmdar Cabbarlı vurğulayıb ki, Abuzər Xələfovun çoxsaylı əsərləri var, amma ən böyük əsəri Kitabxanaçılıq-informasiya fakültəsidir.

Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov Abuzər Xələfovun kitabxanaşünaslıq elminin inkişafında, elektron kataloqun, elektron kitabxananın yaradılmasında mühüm xidmətlərindən bəhs edib.

Konfransda “Professor Abuzər Xələfov elmi irsinin inkişaf mərhələləri”, “Kitab və kitabxana mədəniyyəti tədqiqatları professor Abuzər Xələfovun elmi irsində”, “Azərbaycan kitabxanaşünaslığı beynəlxalq əlaqələr kontekstində” mövzularında məruzələr dinlənilib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Azərbaycanda kitabxana elminin banisi Abuzər Xələfov” adlı elektron məlumat bazasını iştirakçılara təqdim edib.

Alimin oğlu, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri Elçin Xələfov çıxış edərək atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya minnətdarlığını bildirib.

Sonda qonaqlar Abuzər Xələfovun 90 illiyi münasibətilə tərtib olunan kitab sərgisi ilə tanış olublar.