C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən dünya və Azərbaycan klassiklərinin, müasir yazarların əsərləri ilə bağlı buktreylerlər (“book trailer”) hazırlanaraq “Youtube” kanalında yayımlanır.

Buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Məqsəd kitaba, mütaliəyə olan marağı artırmaq, gənc nəsli maraqlı, faydalı, mütaliəsi mühüm olan yerli və dünya ədəbiyyatı ilə tanış etməkdir.

Sosial şəbəkə istifadəçiləri Respublika Gənclər Kitabxanasının “İnstagram” səhifəsində və “Youtube” kanalında İlyas Əfəndiyev, Anar, Əlibala Hacızadə, Elxan Elatlı, Varis Yolçuyev, Rövşən Abdullaoğlu, Xalid Hüseyn, Edqar Po, Aqata Kristi, Rəşad Nuri Güntəkin, Fenimor Kuper, Kolin Makkalou, Fyodor Dostoyevski, Qabriel Qarsiya Markes, Teador Drayzer, Jül Vern və başqa müəlliflərin əsərlərinə çəkilmiş “book trailer”ləri izləyə bilərlər.

Son dövrlərdə kitabxana əməkdaşları “Kitabxanaçı məsləhət edir” rubrikası altında Ernest Heminqueyin “Əcəl zəngi”, Remarkın “Üç yoldaş”, Tatyana De Rosneyin “Saranın açarı”, Conatan Sviftin “Qulliverin səyahəti”, Qurban Səidin “Əli və Nino”, Viktor Hüqonun “Gülən adam” və s. əsərlərə buktreylerlər  hazırlayıblar. Materiallar Azərbaycan və rus dillərində tərtib edilir və geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulur.