Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Moldovanın paytaxtı Kişineuda silsilə tədbirlər keçirilib.

Əvvəlcə Azərbaycanın Moldovadakı Səfirliyinin yaxınlığında şairin barelyefinin açılış mərasimi olub. Mərasimdə Moldovanın mədəniyyət naziri Sergiu Prodan, Yazıçılar Birliyinin sədri Teo Kiriyak, Elmlər Akademiyasının müxbir üzvü İon Hadırke, parlamentin deputatları, Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, yerli ictimai-siyasi xadimlər, diplomatik korpusun əməkdaşları, həmvətənlərimiz iştirak ediblər.

Nizami Gəncəvi yaradıcılığı haqqında məlumat verən səfir Qüdsi Osmanov qeyd edib ki, bir neçə il öncə Kişineuda yerləşən parkların birində şairin büstünün ucaldılması, habelə hazırda Azərbaycan səfirliyində barelyefin qoyulması dahi şairə ehtiramın təcəssümüdür. Səfir Nizami Gəncəviyə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq, Azərbaycan və Moldova Mədəniyyət nazirliklərinin dəstəyi ilə Moldova Milli Kitabxanasında “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı konfrans təşkil ediləcəyini də diqqətə çatdırıb. Bildirib ki, konfrans çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin göndərdiyi Nizami yaradıcılığına dair kitablar Moldova Milli Kitabxanasına hədiyyə edəcək.

Moldovanın mədəniyyət naziri S.Prodan çıxış edərək, bu mərasimin hər iki ölkə üçün əlamətdar olduğunu, ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib. Q edib ki, Şərq poeziyasının öyrənilməsində olduqca əhəmiyyətli olan Nizami irsinin Şərq, eləcə də Azərbaycan mədəniyyətinin Moldovada araşdırılması və təbliğ edilməsi baxımından vacibdir.

Moldova Yazıçılar Birliyinin sədri Teo Kiriyak Nizamini əsərlərinin dünyanın bir çox xalqlarının dillərinə, habelə rumın dilinə tərcümə edildiyini, Azərbaycan səfirliyi ilə bir sıra layihələrdə əməkdaşlıq etdiklərini deyib.

Moldova Parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vitaliy Jakot, tədbirdə qonaq qismində iştirak edən Belarus Respublikasının Moldovadakı səfiri Anatoli Kalinin də çıxış ediblər.