Azərbaycan saz-söz sənətinin qüdrətli ustadı Aşıq Ələsgərin 200 illik yubileyi qardaş Türkiyənin müxtəlif şəhərlərində də qeyd olunur. Bu qəbildən olan tədbirlərdən biri İğdır şəhərində keçirilib.

Dekabrın 19-da İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi tərəfindən təşkil olunan yubiley mərasimində yerli ictimaiyyət  nümayəndələri, Azərbaycan və Türkiyənin sənətçilər iştirak ediblər.

İğdırdakı “Azərbaycan Mədəniyyət evi”ndə baş tutan tədbirin rəsmi hissədə İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəslinin nümayəndəsi Xətai Ələsgərli, araşdırmaçı-yazıçı Songül Dündar və “Dünya söz Akademiyası” dərnəyinin sədri, professor Hayrettin İvgin çıxış ediblər.

Tədbir bədii proqramla davam edib. Azərbaycanlı aşıq Ramin Qarayev və Türkiyənin tanınmış el sənətkarları Səlahəddin Dündar və Günay Yıldızın ifaları Aşıq Ələsgərin şeirləri, aşıq havaları alqışlarla qarşılanıb.

Mehparə SULTANOVA
Ankara