Xalq yazıçısı Elçinin yeni dram əsəri – “Stalin” pyesi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tamaşaya qoyulub. Dekabrın 17-də tamaşanın premyerası olub.

“Stalin” tamaşası pandemiyaya görə uzun müddət davam etmiş məhdudiyyətlərdən  sonra Akademik Rus Dram Teatrında premyerası keçirilən ilk səhnə əsəridir. Premyerada rəsmilər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Stalin kimi ziddiyyətli, mürəkkəb xarakterli şəxsiyyətin otuz il nəhəng Sovet imperiyasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi repressiyalar zamanı milyonlarla insan məhv edilib, sürgünə, işgəncələrə məruz qalıb. Kim idi “yoldaş Stalin”? Qaniçən zalım, yoxsa ölkənin inkişafı və gələcəyi naminə çalışan böyük dövlət xadimi? Pyes bu sualları qarşıya qoyur və onlara cavab axtarır.

Əsərə Rusiyanın tanınmış rejissoru Kirill Zaborixin quruluş verib. Quruluşçu rəssam Tatyana Melnikova, bəstəkar Andrey Şoşkindir (Rusiya). Baş rolları Yaqub Zeynalov (Stalin), Marina Litvinenko (Olqa Aleksandrovskaya), Rüstəm Kərimov (Partiya kuratoru), Zaur İsgəndərov (Nazirlər kuratoru), Oleq Əmirbəyov (Təhlükəsizlik kuratoru), Zaur Terequlov (Ticarət kuratoru) ifa ediblər.

Xalq yazıçısı Elçinin dram əsərləri artıq çoxdan ölkəmizin sərhədlərini aşıb. Onun “Mənim sevimli dəlim”, “Şekspir”, “Qatil”, “Teleskop”, “Sənətkarın taleyi” və s. kimi pyesləri müxtəlif dillərə tərcümə edilərək Ankara və İstanbul, Nyu-York və London, Moskva və Sank-Peterburq, Roma və Seul və digər şəhərlərin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulub, tamaşaçıların rəğbətini qazanıb.