2022-ci ilin 1 yanvar tarixindən fəxri adlara görə verilən aylıq təqaüd 20 faiz artırılacaq. Prezident İlham Əliyevin dekabrın 20-də bununla bağlı sərəncam imzalayıb.

“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” 2005-ci il 4 iyul tarixli sərəncama edilən dəyişikliyə əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 150 manatdan 180 manata, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 100 manatdan 120 manata qaldırılır.

Qeyd edək ki, 2005-ci il 4 iyul tarixli sərəncama ötən müddətdə dörd dəfə (2007, 2013, 2018, 2020) müvafiq dəyişikliklər edilib.

***

Dövlət başçısının digər sərəncamı ilə 2022-ci ilin 1 yanvar tarixindən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər də artırılır. Bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib.

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri aşağıdakı kimi artırılıb:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manatdan 360 manata:

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manatdan 216 manata;

 

ali təhsil müəssisələrində və AMEA-da:

adlı təqaüd alan tələbələrə – 170 manatdan 204 manata;

 

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manatdan 174 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manatdan 144 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manatdan 96 manata;

 

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat 156 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manatdan 132 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;

 

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manatdan 72 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manatdan 60 manata;

 

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manatdan 90 manata;

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manatdan 72 manata;

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manatdan 60 manata.

***

Elm sahəsində fəaliyyət göstərmiş pensiyaçılara verilən Prezident təqaüdü də 2022-ci ilin 1 yanvar tarixindən artırılır.

Bununla bağlı “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manata qaldırılıb.