Dekabrın 19-da M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə “Ədəbi qonaq otağı: uşaq və yeniyetmələr üçün müasir Rusiya ədəbiyyatı” (“Литературная гостиная: современная российская литература для детей и подростков”) adlı telekörpü formatında tədbir keçirilib.

Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan tədbirə Bakıda fəaliyyət göstərən 8 və 160 nömrəli məktəbin kollektivi – müəllim heyəti, şagirdlər, eləcə də valideynlər qatılıblar.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbiri açaraq iştirakçıları salamlayıb. O, Rusiyadan olan uşaq yazıçılarını, həmçinin tədbirdə iştirak edən azərbaycanlı şair və tərcüməçi Səlim Babullaoğlunu və uşaq yazıçısı Sevinc Nuruqızını qonaqlara təqdim edib. Kərim Tahirov bu görüşlərin mütəmadi keçirilməsinin uşaqların mütaliəsində böyük rol oynadığını vurğulayıb.

Sonra tədbiri davam etdirmək üçün söz filoloq, rejissor və prodüser Daniil Romanova verilib.

Daniil Romanov məktəblilərin problemləri haqqında onlara sual verilməsini xahiş edib. Məktəblilərlə təklik problemi, valideyn-uşaq münasibətləri haqqında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən S.Babullaoğlu belə tədbirlərin məktəblilər üçün yararlı olmasını vurğulayıb.

Görüşdə yazıçılar, ədəbiyyat sahəsində Rusiya milli mükafat laureatları – Aleksey Oleynikov və Natalya Volkova ilə, eləcə də Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə müxtəlif formatlarda canlı dialoqlar aparılıb. Qonaqlar və onlayn iştirakçılar (Bakıda, eləcə də Moskvada) yazıçılarla ünsiyyət quraraq onlara maraqlı suallar veriblər.

Aleksey Oleynikov və Natalya Volkova Bakıya ilk dəfə gəldiklərini və şəhərə valeh olduqlarını vurğulayıblar. Çıxışları zamanı onlar insanın tənhalığı, ədəbiyyatda tənhalıq mövzusu, müasir dövrdə internetin və sosial şəbəkələrin məktəblilərin həyatında oynadığı rolundan danışıblar. Yazıçılar qeyd ediblər ki, bu tədbir onları yeni hekayələr yazmağa ruhlandırır.

Tədbirdə fəal olan şagirdlər və gənclər M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının fəxri fərmanı ilə mükafatlandırılıblar.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası rus ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında körpü rolu oynayır, bu istiqamətdə layihələr həyata keçirir. Müxtəlif ölkələrlə birgə təşkil olunan telekörpülər də bu qəbildəndir.