Bakı Gənclər Mərkəzində “Nizami Gəncəvi İli”nə həsr olunmuş sərgi və “Uğurlarımızla 2022-yə” layihəsinin təqdimatı keçirilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzi, Abşeron Gənclərin İnkişafı İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Türkiyənin Yaxşılıq Yaradanlar Dərnəyi, “Lənbəran müəssisəsi və “E Media” qrupun tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində il ərzində müxtəlif sahələrdə nailiyyətlər qazanmış sənətkarlar və “Nizami ili” çərçivəsində dahi şairin irsinin təbliğində xidmətləri olan elm və sənət adamları mükafatlandırılıblar. 

Layihənin rəhbəri Elnurə İsgəndərova qeyd edib ki, Nizami Gəncəvinin 880 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsidir.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, millət vəkili Vüqar İsgəndərov, xeyriyyəçi iş adamı Mədət Abdullayev, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Rada Yusifzadə, Əməkdar artist Səlim Abbasov və başqaları çıxış edərək “Uğurlarımızla 2022-yə” mükafatını qazananlara təbriklərini çatdırıb, “Nizami ili”nin əhəmiyyətini vurğulayıblar.

Yaxşılıq Yaradanlar Dərnəyi başqanı Ahmet Yavuz Uşaqlıoğlu tədbir iştirakçılarına videomüraciətində qeyd edib ki, layihə çərçivəsində Suraxanı və Xətai rayonlarındakı reabilitasiya mərkəzlərində bərpa prosesi keçən Vətən müharibəsi əlilləri ziyarət olunub, onlara dərnək tərəfindən hədiyyələr təqdim edilib.

Çıxışlarda ölkəmizdə mədəniyyətin inkişafına diqqət və qayğı göstərildiyi vurğulanıb.

Tədbirdə gənc rəssamların Nizami yaradıcılığına həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Sonda il ərzində müxtəlif sahələrdə diqqətəlayiq uğurlar qazanmış sənət adamları diplom və fəxri mükafatlarla təltif ediliblər.

LALƏ