Ölkəmiz Çində ənənəvi xeyriyyə yarmarkasında təmsil olunur

 

Çində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında Azərbaycan növbəti dəfə təmsil olunur.

Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İnin xanımı Çian Veyin təşəbbüsü ilə keçirilən beynəlxalq xeyriyyə yarmarkasının açılışında çıxış edənlər vurğulayıblar ki, 2009-cu ildən etibarən təşkil olunan bu tədbir eyni zamanda iştirakçı ölkələrin mədəniyyətlərini tanıtmaq üçün bir imkandır.

Təşkilatçılar pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq, ötən il olduğu kimi, bu il də iştirakçı ölkələrin məhsullarının satışını elektron ticarət platformalarında reallaşdırmağa qərar veriblər. Xeyriyyə yarmarkasına ölkələr tərəfindən təqdim edilmiş məhsulların “Alibaba” şirkətinin elektron ticarət platformalarında satışı həyata keçirilir.

Qeyd edək ki, Çindəki səfirliyimiz bir neçə ildir “Sevgi sərhəd tanımır” yarmarkasında ölkəmizi təmsil edir. Bundan başqa, Heydər Əliyev Fondu əvvəlki illərdə “Sevgi sərhəd tanımır” xeyriyyə yarmarkasında Azərbaycanın iştirakına dəstək verməklə yanaşı, bu təşəbbüs çərçivəsində Yunnan vilayətinin ucqar Malipo qəsəbəsindəki 2 nömrəli məktəbin idman meydançasının yenidən qurulması layihəsinə 500 min yuan məbləğində ianə edib.