Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi Argentinada da qeyd edilib. Bu ölkədəki səfirliyimizin təşəbbüsü, La Plata Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının təşkilati dəstəyi ilə Buenos-Ayres şəhərində, tarixi “Teatro del Globe”də konsert keçirilib.

Azərbaycanın Argentinadakı Səfirliyindən verilən məlumata görə, tədbir şəhərin memarlıq incilərindən hesab edilən tarixi “Teatro del Globe”də gerçəkləşib.

Tədbirin rəsmi hissəsində çıxış edən səfir Rəşad Aslanov xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan Nizami Gəncəvinin ölməz əsərləri ilə dünya şöhrəti qazandığını bildirib. Nizaminin əsərlərində humanizm və bərabərlik, ədalətli hökmdar və xalq, əməkçi insan və mənəvi kamillik, sərvət və şəxsiyyət kimi ictimai fenomenlərin öz əksini tapdığını deyib.

R.Aslanov Nizami Gəncəvinin 880 illiyi şərəfinə  2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb.

Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin tərtib etdiyi konsert proqramının birinci hissəsində xanəndə Nurlan Namazov və kamança ifaçısı Oqtay Şərifovun ifasında Nizami Gəncəvinin qəzəlləri, xalq və bəstəkar mahnılarımız tamaşaçılara təqdim olunub. Konsert proqramının ikinci hissəsində isə tarda S.Paşazadə pianoda Sevinc Kərimovanın müşayiəti ilə, Azərbaycan və dünya bəstəkarlarının, o cümlədən əsərləri dünya mədəniyyətinin inciləri sırasında olan Argentina bəstəkarı Astor Piazzollanın əsərlərini ifa edib.

Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin rəsmiləri, Milli Konqresin, Argentinada akkreditə olunmuş diplomatik korpusun üzvləri və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə sənətçilərimizin çıxışı alqışlarla qarşılanıb.