Daşkənddə Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin (ÖDPU) professoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) icraçı direktoru Erkin Nuriddinovun Özbəkistanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş “Özbəkistanın yenilənməsi mərhələsində ölkənin xarici siyasət fəaliyyətinin möhkəmlənməsi və gələcək inkişafı”, “Tarixi və sosial-siyasi izahlı lüğət” və “Dünya tarixi: Yeni dövr (1918-1945-ci illər)” kitablarının təqdimatı keçirilib.

Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında reallaşan tədbirdə ÖDPU-nun rektoru, professor Abduqappor Kırqızbayev Erkin Nuriddinovun elmi fəaliyyəti haqqında məlumat verib, təqdim olunan kitabların əhəmiyyətindən danışıb.

Özbəkistan Tarixçilər Cəmiyyətinin rəisi, tarix elmləri doktoru, professor Baxtiyor Xasanov Erkin Nuriddinovun Özbəkistanın xarici siyasətinə, müstəqillik dövründə beynəlxalq münasibətlər sistemində rolu və mövqeyinə dair əsərləri barədə fikirlərini bölüşüb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov alimin Özbəkistan-Azərbaycan dostluq əlaqələrinə  töhfələrindən danışıb, Nizami Gəncəvi irsinin Özbəkistanda geniş təbliği işində Erkin Nuriddinovun xidmətlərini qeyd edib.

AMM-nin direktoru professor Erkin Nuriddinovun 44 günlük Vətən müharibəsi günlərində və ondan əvvəlki dövrdə Özbəkistan mətbuatında tarixi həqiqətlərin yayılmasında rolunu, Ermənistanın Azərbaycana təcavüzünü pisləyən material və bəyanatlarla çıxışlarını yüksək qiymətləndirib.

Sonra Samir Abbasov Erkin Nuriddinova AMM-nin fəxri diplomunu təqdim edib.

Erkin Nuriddinov gələcək elmi fəaliyyətindən, AMM ilə əməkdaşlığından, müxtəlif birgə tədbirlərin keçirilməsindən danışıb, xoş sözlərə görə çıxış edənlərə minnətdarlığını bildirib.