“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: Misir” kitabının təqdimat mərasimi keçirilib.

Qənirə Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanı, digər qonaqları salamlayıb.

O, Misir Ərəb Respublikasına səfərlərindən, orada müxtəlif tədbirlərdə iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb: “Mən Misir haqqında hələ uşaqlıqdan maraqlanır, oxuyur, öyrənirdim. Əmim, ərəb dünyasına və dilinə vaqif olan professor Qəzənfər Paşayev sayəsində bu maraq getdikcə daha da artır, güclənirdi. Televiziya jurnalisti olduğum illərdə Misirlə bağlı rəsmi və ictimai tədbirlərdə iştirak imkanım oldu və nəhayət, Milli Məclisin üzvü, özəlliklə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü seçildikdən sonra müxtəlif tədbirlərdə iştirak etmək üçün bu dost ölkəyə bir neçə dəfə səfər etdim. Hər səfərimdə özüm üçün müşahidələr aparır, qeydlər edirdim. Dostlarla birgə o müşahidə və qeydləri toplayaraq kitablaşdırmaq qərarını gəldik. Bu kitab bir növ Misirin hekayəsidir, yaxud mənim gözümdən görünən Misiri anladır”.

Müəllif  kitabın redaktorları – şairlər Elman Tovuz, Əkbər Qoşalı və İbrahim İlyaslıya təşəkkürünü bildirib.

Misirin Azərbaycandakı səfiri Adel İbrahim kitaba görə Q.Paşayevaya, kitabın nəşrə hazırlanmasında və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin genişləşməsinin hər tərəf üçün faydalı olduğunu vurğulayıb.

Tədbirdə daha sonra millət  vəkilləri Ceyhun Məmmədov, İlham Məmmədov, Aydın Hüseynov, Bəhruz Məhərrəmov, professor Qəzənfər Paşayev, AYB-nin sədr müavini Rəşad Məcid və başqaları çıxış ediblər.

 Çıxışçılar “Sirlər dünyasına səyahət: Misir” kitabını bələdçi və elmi-publisistik janrlı əsər kimi xarakterizə ediblər.

Qeyd edək ki, kitabın məsləhətçisi Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayevdir. Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına, Misir üzrə tədqiqat aparan alimlərə və b. hədiyyə olunacaq.