Dekabrın 20-də Milli Məclisin plenar iclasında ikinci oxunuşda “Media haqqında” qanun layihəsinə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov iclasda iştirak edirlər.

Qanun layihəsini ikinci oxunuşda təqdim edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədin ötən müddət ərzində müzakirələri zamanı səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.

Diqqətə çatdırılıb ki, müzakirələrdə ifadə edilən fikirləri iki qrupa bölmək olar. Bunların bir hissəsi dövlət media siyasətinin müxtəlif aspektlərinə, onun praktiki tərəfinə yönəlib, müəyyən bir qismi isə dəqiqləşdirici xarakter daşıyır. Komitə sədri deyib ki, qanun media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək. O, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi, bununla bağlı beynəlxalq təcrübədə olan nümunələr, mediada reklam qaydaları, sosial medianın fəaliyyəti, televiziyalarda ixtisaslı kadr seçimi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi, xarici dil bilən professional jurnalistlərin hazırlanması məsələlərinə toxunub.

Komitə sədri onu da bildirib ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir. Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs isə artıq onlayn-media subyekti kimi çıxış edir və onunla qurulan münasibətlər bu çərçivədə tənzimlənəcək. Blogerlərin fəaliyyətinin tənzimlənməsinə gəlincə, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri əhatə edir. Hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur. Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd edilib ki, layihədə ali təhsil tələbi qoyulmayıb.

Zahid Oruc çıxışında siyasi partiyaların və dövlət orqanlarının media subyekti yaratmaq hüququ ilə əlaqədar layihədə göstərilən normaları şərh edib. Həmçinin qeyd edib ki, medianın bütün yaş kateqoriyalarına nüfuz etməsini nəzərə alaraq, ictimai mənəviyyatın qorunması üçün sənəddə müvafiq normalar da müəyyənləşdirilir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək layihə ətrafında bir neçə dəfə müzakirələrin aparıldığını söyləyib, səsləndirilən cavabların məqbul olduğunu deyib.

Millət vəkilləri layihə barədə fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.