Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlanıb

 

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb. “Prezident. Təkrarsız diplomatiya” adlı filmdə dünyanın aparıcı siyasi xadimləri, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alıb. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.

Türkiyə Prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

Rusiya Prezidenti bildirib ki, Azərbaycan Prezidentinin əsas məqsədi ölkəsini, xalqını xoşbəxt görməkdir.

Nursultan Nazarbayev Azərbaycanın müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyini diqqətə çatdırıb.

Filmdə Azərbaycanın iqtisadi arenada uğurlarından danışılır, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilir. Qeyd olunur ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdırıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində Qələbəsinə filmdə xüsusi yer ayrılıb.

Film dekabrın 24-də saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.