Bəxtiyar Qılıncov: ““Turizm ili” çərçivəsində görmək istədiyimiz işlər çoxdur”
   
   Azərbaycanda turizm sahəsində yüksək fəallığı ilə seçilən qurumlardan biri də Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzidir. Mərkəz 2006-cı ilin sonlarından fəaliyyət göstərir. BTİM-in direktor müavini Bəxtiyar Qılıncov bizimlə söhbətdə qurumun gördüyü işlər, «Turizm ili»ndə həyata keçiriləcək layihələr barədə danışdı:
      
   - Azərbaycan prezidenti tərəfindən 2011-ci ilin «Turizm ili» elan olunması ilə əlaqədar turizm infrastrukturunun inkişaf etdirilməsi, turizmin müxtəlif növlərinin yaradılması, kadr hazırlığının yaxşılaşdırılması və s. istiqamətlərdə mühüm işlər görülməkdədir. Bu işlər regionlarda da sürətlə davam etdirilir. Biz də bu işlərdə yaxından iştirak etməyə çalışırıq. Bakı Turizm İnformasiya Mərkəzinin Azərbaycanın 6 rayonunda - Quba, Xaçmaz, Şamaxı, Şəki, Gəncə və Zaqatalada turizm-informasiya mərkəzləri fəaliyyət göstərir. Adlarından da göründüyü kimi, onlar respublikamızın turizm potensiallı rayonlarındadır. Bu mərkəzlər vasitəsilə regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz, yaşayış kompleksləri, hotellər, turbazalar, müalicəvi istirahət mərkəzləri, ov məkanları və ümumiyyətlə turizm anlayışına daxil olan yerlər haqqında məlumatlar toplanılır. Sonra bu məlumatlar Bakı Turizm İnformasiya Mərkəzinin saytında (www.bakutourism.az) yerləşdirilir. Regional turizm informasiya mərkəzlərində ekskursiya marşrutları da yaradılır. Bununla yanaşı, bölgələrdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik.
   Hazırda Qusar rayonunda Şahdağ qış-yay turizm kompleksi inşa olunur. Turizm bölgəsi kimi artıq ölkəmizdən kənarda da tanınan Qəbələ rayonunda müasir tələblərə cavab verən mehmanxanalar, istirahət mərkəzləri fəaliyyət göstərir. Bunu nəzərə alaraq Bakı Turizm İnformasiya Mərkəzi də Qəbələ və Qusarda turistlərə xidmət səviyyəsinin artırılmasını təmin etmək məqsədilə turizm informasiya mərkəzlərinin yaradılmasını nəzərdə tutur.
   Bundan əlavə, Bakı Turizm İnformasiya Mərkəzi «Silk Way Travel» turizm şirkəti ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava limanında iki köşk açıb. Ölkəyə gələn turist artıq hava limanında onun üçün zəruri olan məlumatlar, hotellər, istirahət yerləri, görməli yerlər və s. barədə informasiya əldə etmək istəyir. Həmin köşklərdə Azərbaycanın turizm potensialını tanıdan, təbliğ edən müxtəlif reklam-çap materialları yerləşdirilib.
   BTİM-in yeni layihələrindən biri də «Bakı şəhərinin qonaq kartı»dır. Bununla bağlı bir çox mehmanxana və restoranlarla müqavilələr imzalanıb. Ölkəmizə gələn qonaq bu kartı əldə etməklə Bakının mehmanxana və restoranlarının xidmətindən güzəştlə istifadə edə bilər.
   - Turistlər bu kartları hansı şərtlərlə əldə edə biləcəklər?
   - Bakı Turizm İnformasiya Mərkəzi ilə müqaviləsi olan mehmanxana və restoranlara həmin kartlar təqdim edilir. Kartla bağlı məlumatlar və bizimlə əməkdaşlıq edən turizm müəssisələrinin siyahısı artıq mərkəzin saytında yer alıb. Həmin kart vasitəsilə turistlər mehmanxanalarda, turizm şirkətlərində, avtomobil icarəsi şirkətlərində, kafe və restoranlarda müxtəlif endirimlər və güzəştlər əldə edə bilərlər. Onu da qeyd edim ki, MDB məkanında belə kart hələlik yalnız Minskdə və Bakıda tətbiq olunur.
   - Bir müddət əvvəl Bakı Turizm İnformasiya Mərkəzi Rusiya Turizm Sənayesi İttifaqına üzv oldu. Bu üzvlük Azərbaycan turizminə hansı töhfəni verə bilər?
   - BTİM-in Rusiyanın sözügedən təşkilatına üzv olması Azərbaycanın turizm potensialının bu ölkədə daha geniş tanıdılması məqsədini daşıyır. Qonşu ölkələr də daxil olmaqla, turizm fəaliyyəti ilə məşğul olan 650-dən çox qurum Rusiya Turizm Sənayesi İttifaqının üzvüdür. Bundan əlavə, 1993-cü ildən fəaliyyət göstərən təşkilat 1300 hotel, turizm şirkəti, sanatoriya-istirahət müəssisəsi, turizm təhsili verən ali və orta ixtisas məktəbi və digər qurumların maraqlarını qoruyur. İttifaqın Rusiyanın 70 şəhərində filialı var. Qurum turizm sahəsinə dair müxtəlif çoxsaylı tədbirlər, treninqlər keçirir. Azərbaycanda fəaliyyət göstərən turizm-informasiya mərkəzlərinin əməkdaşlarının bu tədbirlərdə iştirakı onların peşə hazırlığına və s. müsbət təsir edəcək. Digər tərəfdən, bu ittifaqa üzvlük ölkəmizin turizm potensialının təbliğinə imkan yaradır. Rusiya Turizm Sənayesi İttifaqının saytında Bakı Turizm İnformasiya Mərkəzinin banneri yerləşdirilib. Həmin saytın ziyarətçiləri eyni zamanda bizim mərkəzin də saytına daxil ola bilirlər. Gələcəkdə Rusiya Turizm Sənayesi İttifaqı ilə daha geniş əməkdaşlıq etmək niyyətindəyik.
   - Hazırda turizm mütəxəssislərinin müzakirə etdiyi məsələlərdən biri də ölkəmizin geniş əhatəli turist xəritəsinin tərtib olunması ilə bağlıdır. Bakı Turizm İnformasiya Mərkəzi belə bir xəritənin yaradılmasını planlaşdırırmı?
   - Mərkəzimiz Bakıya aid turist xəritəsi buraxıb. Regionlar hələlik bu xəritəyə daxil deyil. Biz Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan üzrə turist xəritəsinin yaradılmasında yaxından kömək edə bilərik. Bu xəritə çox lazımlı və əhəmiyyətlidir. Hər bir turist ölkəyə gələndə harada dincəlmək, hansı bölgədə necə xidmətlərin təklif olunması və s. barədə ətraflı məlumat almaq istəyir. Əvvəllər belə xəritə mövcud idi. Ola bilər ki, sonradan ona zəruri dəyişikliklər etmək üçün həmin xəritəni yığışdırıblar. Çünki turizm inkişafda olan sahədir, infrastruktur dəyişir, yeni istirahət mərkəzləri, turizm marşrutları yaranır. Bu baxımdan turist xəritəsinə də vaxtaşırı dəyişikliklər etmək lazım gəlir.
   - Ötən ilin sonunda Bakı Turizm İnformasiya Mərkəzi «Millennium» turizm şirkəti ilə «Bakı Siti tur» adlı şəhər turları təşkil etmişdi. Bu turlar davam edirmi?
   - 2010-cu ilin noyabrından bu layihə həyata keçirilir. Turlar hər gün saat 12-dən 17-dək Azadlıq meydanı-Rəşid Behbudov-A.Bakıxanov-İnşaatçılar-Şəhidlər xiyabanı-Funikulyor-Azneft meydanı-İçərişəhər-Qız qalası-Şirvanşahlar sarayı və Opera və Balet Teatrı marşrutu üzrə həyata keçirilir. Bələdçi marşrut boyu yerləşən tarixi abidələr, mədəniyyət ocaqları və digər obyektlərlə bağlı tur iştirakçılarına ətraflı məlumat verir. «Bakı Siti tur» Azərbaycanın turizm potensialının və mədəni irsinin geniş təbliğ olunması, eyni zamanda gənc bələdçilərin peşəkar səviyyədə formalaşdırılması məqsədilə təşkil edilib. Dünyanın hər bir ölkəsində şəhər turları var. Bu layihə də dünya təcrübəsinə əsaslanır.
   - «Turizm ili» ilə əlaqədar daha hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?
   - Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən «Ən yaxşı mehmanxana saytı» adlı müsabiqə elan olunub. Bu müsabiqə mehmanxana servisinin yaxşılaşdırılması məqsədilə həyata keçirilir. İştirak etmək istəyən mehmanxanalar çoxdur. Sənədlərin qəbulu başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən araşdırma aparılacaq və qaliblər müəyyənləşdiriləcək. Bundan əlavə, 2-ci Milli Turizm Müsabiqəsinin keçirilməsini planlaşdırırıq. Müsabiqəyə sentyabrın 27-də, Dünya Turizm Günündə yekun vurulacaq. Azərbaycanın turist marşrutları ilə bağlı nəşr hazırlamaq niyyətindəyik. Nəşr yaxın aylarda işıq üzü görəcək. Bir sözlə, «Turizm ili» çərçivəsində görmək istədiyimiz işlər çoxdur.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar