İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. İtaliya bizim əsas ticari tərəfdaşımızdır. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub.

Prezident İlham Əliyev bu sözləri İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib. Dövlət başçısı Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliya qəzetinə müsahibə verib.

Prezident diqqətə çatdırıb ki, Azərbaycanın azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə dəvət etdiyi birinci ölkə Türkiyə, ikinci ölkə İtaliya olub: “Hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu, çox yüksək səviyyəli etimaddır. Bu yaxınlarda Şuşaya səfər edəndə işlərini necə görəcəklərini mənə nümayiş etdirən italyan şirkətlərinin nümayəndələri ilə görüşdüm”.

Dövlət başçısı qeyd edib ki, Bakıda Zəfər Muzeyinin tikintisinə də İtaliya şirkəti cəlb olunub: “Bu, rəmzi məna daşıyan digər bir jestdir, çünki siz bu tarixi Qələbənin bizim üçün nə qədər böyük məna daşıdığını təsəvvürünüzə gətirə bilərsiniz. Biz tərəfdaşlığımızı nümayiş etdirmək üçün və italyan şirkətlərinin yüksək səviyyəli fəaliyyətini, zövqünü və ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, məhz buna görə italyan şirkətini dəvət etdik. Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrini qeyd edə bilərəm”.