Azərbaycan İstiqlal Muzeyində “Əbədiyyət ünvanı - şəhidlik” adlı tədbir-sərgi təşkil olunub. Sərgi 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi üzrə birinci mərhələnin sonuncu tədbiridir.

Tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək 44 gün davam edən hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarından söz açıblar. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşərək xalqın dəstəyindən güc alan Ordumuz 44 gün ərzində 30 illik torpaq həsrətinə son qoyub. Bildirilib ki, Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərimiz tarix boyu qürur mənbəyimiz olaraq qalacaq.

Sonda tədbir iştirakçıları şəhidlər – polkovnik-leytenant Sədi Musayev, baş leytenantlar Elçin Əzizov, Muxtar Qasımlı, gizirlər Vüsal Rüstəmov, Elnur İbrahimov və əsgər Murad Məmmədovun fotoşəkil və şəxsi əşyaları ilə tanış olublar.

Tədbirdə şəhid ailələri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları iştirak ediblər.

Sərgi dekabrın 28-dək davam edəcək.