2021-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” olan Tacikistanın Düşənbə şəhəri bu estafetini Qırğızıstanın Karakol şəhərinə təhvil verib. Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında “Düşənbə – MDB-nin mədəniyyət paytaxtı – 2021” ilinin bağlanış mərasimi keçirilib.

Mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin – icraçı katibin müavini Beketjan Jumaxanov, Düşənbə şəhəri sədrinin müavini Amirxon Kurbanzoda il ərzində Düşənbədə keçirilən tədbirlərdən danışıblar.

Sonra Qırğızıstanın İssık-kul vilayətinin Karakol şəhəri 2022-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib.

Qırğızıstanın Tacikistandakı Səfirliyinin müşaviri Meder Soorbekov estafetin Karakol şəhərinə keçməsindən məmnun olduğunu bildirib, 2022-ci il ərzində planlaşdırılan layihələrdən danışıb.

Düşənbə “MDB-nin mədəniyyət paytaxtı” missiyasını 2020-ci ildə bu adı daşımış Şımkent (Qazaxıstan) şəhərindən təhvil almışdı. “MDB-nin mədəniyyət paytaxtı” proqramı çərçivəsində Azərbaycanın iki şəhəri – Qəbələ (2013) və Gəncə (2017) də bu adı daşıyıb.