Dünyanın ən böyük sərgisinə ev sahibi kimi müxtəlif ölkələrdən nümayəndə heyətlərini, eləcə də çoxsaylı turistləri qəbul edən Dubay şəhəri pandemiyanın ciddi fəsadları ilə üzləşib.
“Ekspo Dubay – 2020” sərgisində COVİD-19-un daha çox yayılması ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Məlumatda qeyd olunur ki, sərginin keçirildiyi ərazidə insanların birbaşa təmasını azaltmaq məqsədilə kütləvi tədbirlər, o cümlədən təqdimatlar və konsertlər müvəqqəti olaraq dayandırılıb. Bundan başqa, PCR testi üzrə məntəqələrin sayı artırılıb və xidməti personalın hər 72 saatda bir testin yeni nəticəsini təqdim etməsi tələb olunur.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyi bildirib ki, sentyabrdan bəri ölkədə, o cümlədən Dubay Əmirliyində COVİD-19-a yoluxma halları artır. BƏƏ hökuməti qarşıdan gələn Yeni il şənliklərinin də keçirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Qeyd edək ki, “Ekspo Dubay – 2020” sərgisinə indiyədək 7 milyondan artıq ziyarətçi gəlib.
“Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda “Ekspo Dubay – 2020” oktyabrın 1-dən fəaliyyətə başlayıb. Ötən il açılması nəzərdə tutulan, lakin pandemiya səbəbindən bu ilə ertələnən sərgidə 190 ölkə təmsil olunur. Sərgi 2022-ci il martın 31-nə qədər davam edəcək. Ərazi baxımından “Dubay Ekspo” bu günə qədər təşkil olunan ən böyük sərgidir. 400 hektardan çox ərazisi olan sərgi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan.
Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonun səhnəsində konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir.