Dekabrın 22-də Azərbaycan mətbuat tarixində xüsusi yeri olan Əməkdar jurnalist, ustad redaktor, pedaqoq Nəsir İmanquliyevin (1911-1998) anadan olmasının 110-cu ildönümü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Virtual sərgidə Nəsir İmanquliyev haqqında rəsmi sənəd, mükafatları, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

“Nəsir İmanquliyev – 110” virtual sərgisi ilə kitabxananın saytında tanış olmaq olar.

Diqqətə çatdırılır ki, professor Nəsir İmanquliyev Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirərək, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhfələr verib. Nəsir İmanquliyev “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ilə yaxın baş redaktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru olub, Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb.