Mikayıl Abdullayev mədəniyyət tariximizə adını əbədi həkk etmiş sənətkardır
Dekabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisinin açılışı keçirildi. SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur.
Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, muzeyin kollektivi Mikayıl Abdullayevin 100 illik yubileyinə böyük məsuliyyət və sevgi ilə hazırlaşıb. Diqqətə çatdırıldı ki, sərgidə görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Vernisajda “Axşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y.Məmmədəliyev”, “M.P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli” və “Şair S.Rüstəm” portretləri yer alıb. Ekspozisiyada həmçinin Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu, Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənir.
Mədəniyyət naziri Anar Kərimov mərasimdə çıxış edərək Mikayıl Abdullayevin Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərindən söz açdı. Qeyd etdi ki, Azərbaycan mədəniyyəti tarixinə əbədi olaraq öz adlarını qızıl hərflərlə yazmış sənətkarlardan biri də Mikayıl Abdullayevdir. O, bir çox beynəlxalq mükafatların laureatı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Xalq rəssamı olub, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın “İstiqlal” ordeninə layiq görülüb.
Nazir bildirdi ki, Mikayıl Abdullayevin ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycandır. Rəssamın “Azərbaycan doğma Vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” sözləri də bunun əyani sübutudur. O, yaradıcılığında milli-mənəvi ənənələri əks etdirməklə yanaşı, hər zaman bəşəri dəyərlərə, ideallara da geniş yer verib. Sənətkar Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və bir çox başqa ölkələrdə olduğu zaman gördüyü maraqlı anları, insanların həyat tərzini, mədəniyyətini əks etdirən silsilə əsərlər yaradıb. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və digər ölkələrin muzeylərində ən dəyərli eksponatlar kimi qorunub saxlanılır.
Prezident İlham Əliyev tərəfindən bu il mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində müstəsna xidmətləri olan bir çox şəxsiyyətlərin yubileyləri ilə əlaqədar sərəncamlar imzalandığını qeyd edən Anar Kərimov bildirdi ki, Mikayıl Abdullayevin 100 illik yubileyi də dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2021-ci il tarixli sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər həyata keçirilib. Mikayıl Abdullayevin yaradıcılığını özündə əks etdirən nəfis tərtibatlı kataloq yaxın günlərdə işıq üzü görəcək. Həmçinin rəssamın mərmərdən büstü hazırlanaraq Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib.
Nazir çıxışının sonunda dedi: “Mikayıl Abdullayevin əsərləri zamanın bütün sınaqlarından keçərək hələ uzun illər boyu sənətsevərləri ruhlandıracaq. Sənətkarın həyat yolu isə gələcək nəsillər üçün seçdikləri peşəyə məsuliyyətli və fədakar yanaşması baxımından hər zaman nümunə olacaq”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışı zamanı Mikayıl Abdullayevin yaradıcılıq özünəməxsusluğu barədə danışdı. Bildirdi ki, o, ictimai xadim kimi hər zaman insanların köməyinə çatıb, xeyirxah əməlləri ilə qəlblərdə iz salıb.
Rəssamın oğlu Cəmil Abdullayev Prezident İlham Əliyevə atasının irsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi. O, həmçinin silsilə tədbir və layihələrin gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi və qonalar geniş, xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiya ilə tanış oldular. Ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevin rəngarəng sənət duyumunu əks etdirir.
Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi mart ayına qədər davam edəcək.
Lalə Azəri