Azərbaycan Fransaya nota verib

 

2021-ci ilin 22 dekabr tarixində Fransanın İl-dö-Frans regionunun rəhbəri, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez bir qrup siyasətçi ilə Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bununla bağlı Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona etiraz notası təqdim edilib.

Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan Fransa vətəndaşlarının milli qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıdığı xatırladılıb.

Məlumatda bildirilir ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.