İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT) Avrasiya Regional Mərkəzinin (ARM) təşkilatçılığı, Azərbaycanda fəaliyyət göstərən “Art Council” İncəsənət Mərkəzinin tərəfdaşlığı ilə İndoneziyanın paytaxtı Cakarta və Pakistanın Lahor şəhərlərinin mərkəzi küçə və meydanlarında Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı səyyar fotosərgi keçirilib.

Mərkəzdən bildiriblər ki, bu təşəbbüsün məqsədi Nizami irsinin İslam coğrafiyasında təbliğinə töhfə verməkdir.

Səyyar sərgidə Nizaminin “Yeddi gözəl” poemasının personajlarını əks etdirən şəkillər nümayiş olunub. Sərgiyə maraq göstərən şəhər sakinlərinə dahi Azərbaycan şairi və mütəfəkkiri barədə məlumatlar verilib, sualları cavablandırılıb.

Tədbirlərin keçirilməsinə İndoneziya İƏT Gənclər Forumu və Pakistan Gənclərinin Müdafiəsi Şəbəkəsi fəal dəstək veriblər.

Qeyd edək ki, İƏT Gənclər Forumu ARM-in təşkilatçılığı və tərəfdaşlığı ilə Rusiya, Qazaxıstan, Özbəkistan və başqa ölkələrdə də analoji tədbirlər keçirilib.