“Qarabağın döyüş meydanından inkişaf bölgəsinə çevrilməsi çox sevindiricidir”

 

Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə və Vətən müharibəsi dövründə ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirir, bunu dostluq və tərəfdaşlıq əlaqələrinin mühüm göstəricisi kimi dəyərləndiririk.

Prezident İlham Əliyev bu fikri dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç ilə görüşdə vurğulayıb.

Qonaq Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident dost ölkənin rəhbərinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şefik Caferoviçə çatdırmağı xahiş edib.

İlham Əliyev bu yaxınlarda Şefik Caferoviçlə görüşünü məmnunluqla xatırladaraq, Azərbaycanın da Bosniya və Herseqovinanı dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərin, kəndlərin, tarixi və dini abidələrin darmadağın edildiyini bildirərək indi ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işlərindən danışıb.

Bisera Turkoviç ölkəmizin əldə etdiyi böyük nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu qeyd edib.

***

Qarabağın döyüş meydanından inkişaf bölgəsinə çevrilməsi çox sevindiricidir. Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünə dair qətnamə qəbul edib. Azərbaycan da Bosniya və Herseqovinanın suverenliyini tanıyır.

Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Bosniya və Herseqovina rəhbərliyinin Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar verdiyini deyən nazir bunun ölkə vətəndaşlarının Azərbaycana turist kimi səfər etmələri üçün yaxşı imkan yaradacağını deyib.

Bisera Turkoviç COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə də minnətdarlığını bildirib.