Mayın 27-də Bakı Əyləncə Mərkəzində Şimali Kiprdə fəaliyyət göstərən Kipr Beynəlxalq Universitetinin təqdimat mərasimi keçirildi. Universitetin rektoru Mehmet Əli Yükselen tədbir iştirakçılarına rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verdi.
Onun sözlərinə görə, Kipr Beynəlxalq Universitetində iqtisadiyyat, hüquq, fənn-ədəbiyyat, turizm, hotel və qonaqlama, incəsənət və mühəndislik fakültələri üzrə 4700 tələbə təhsil alır. Onların arasında 28 xarici ölkənin təmsilçiləri də var. Dərslər ingilis dilində keçirilir. Dünya standartlarına uyğun tədris sistemi ilə işləyən universitetdə hazırda dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyə, İsveçrə, Almaniya, Böyük Britaniyadan tələbələr təhsil alır. Rektor onu da bildirdi ki, azərbaycanlı gənclərin Kipr Beynəlxalq Universitetində təhsil alması həm Kipr dövlətinin, həm də rektor olaraq onun özünün marağındadır. Çünki Kiprlə Azərbaycanı təkcə işgüzar əlaqələr və biznes maraqları deyil, eyni zamanda tarixi bağlılıq, soy-kök yaxınlığı birləşdirir.
Rektorun sözlərinə görə, ötən il Azərbaycandan 50 tələbə Kipr Beynəlxalq Universitetinə daxil olub. O, bu ilin Azərbaycanda «Turizm ili» olması münasibətilə TQDK-nın qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan tələbələrin universitetdə pulsuz təhsil almaq imkanı əldə etdiyini də bildirdi. Kipr Beynəlxalq Universitetinin Azərbaycanda tanıtımını həyata keçirən «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin dediyinə görə, bu universitetin maddi-texniki bazası çox güclüdür. Təkcə kimya laboratoriyasının qurulmasına 1,5 milyon dollar vəsait ayrılıb. Burada təhsil almaq 4.446 avroya başa gələcək. Amma yaxşı oxuyan və nümunəvi davranış göstərən tələbələrə endirimlər də nəzərdə tutulub. Yemək və universitet ərazisində yerləşən şəhərcikdə qalmaq da bu qiymətə daxildir: «Kipr Beynəlxalq Universitetini bitirən tələbələr Böyük Britaniyanın «Universty of Sunderland» və «Universty of Wolverhampton» universitetlərinin diplomlarını almaq imkanı da əldə edirlər. Bu baxımdan azərbaycanlı tələbələrin burada təhsil alması həm də onların özü üçün gələcəkdə yaxşı perspektiv deməkdir».
Qeyd edək ki, Kipr Beynəlxalq Universitetinin Azərbaycanda tanıtım kampaniyasının aparılmasını və azərbaycanlı gənclərin bu universitetdə təhsil almasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi də dəstəkləyir.
Fəxriyyə Abdullayeva