“Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsindəki rəsmi ərazi adlarının Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində də göstərilməsi məsələsi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb. Azərbaycan əraziləri adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva media vasitələrinin bununla bağlı sualını cavablandırarkən bildirib ki, may ayında BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib.

Hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyənləşdirilmiş 125 coğrafi obyektin adı yer alıb.

BMT-nin müvafiq qətnamələrinə görə, hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.

“Google maps” platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir. Məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”, – deyə XİN rəsmisi bildirib.