Bu gün Azərbaycanın dövlətçilik tarixinə adını müzəffər Ali Baş Komandan kimi yazdıran Prezident İlham Əliyevin 60 yaşı tamam olur.

Əlamətdar yubileyi münasibətilə müxtəlif ölkələrdən – dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri beynəlxalq təşkilatların, elm, təhsil ocaqları və mərkəzlərinin rəhbərləri Prezidentə təbrik məktubları göndərirlər. Təbrik məktublarında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf edərək beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrildiyi vurğulanır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandr Vuçiç, İordaniya Kralı II Abdullah, Xorvatiya Prezidenti Zoran Milanoviç, Moldova Prezidenti Maya Sandu, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, habelə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və başqaları dövlət başçısına yubileyi münasibətilə xoş diləklərini çatdırıblar.

TÜRKSOY-un Baş katibinin təbrikində deyilir:

“Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə yüksək nailiyyətlər əldə edərək beynəlxalq aləmdə nüfuzunu artırmış və regionda sülhün, tərəqqinin və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir.

Əminəm ki, Zati-alinizin apardığı təmkinli və ardıcıl fəaliyyət sayəsində azad edilmiş əzəli Azərbaycan torpaqlarında vaxtilə dağıdılmış, məhv edilmiş türk mədəni və tarixi irsi, mədəniyyət və incəsənət ocaqları çox qısa müddətdə bərpa edilərək Azərbaycan xalqının istifadəsinə veriləcək və Qarabağ torpağı yeni dahilər yetişdirib dünya mədəniyyətinə bəxş etdəcəkdir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-a daim göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə minnətdarlığımı bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.