Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.

Müsabiqə 23 dekabr 2021-ci il – 15 mart 2022-ci il tarixlərində keçiriləcək.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra – 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı çərçivəsində həyata keçirilir.

Müsabiqə şərtləri bu linkdə: http://mct.gov.az/medias/media/other/762/musabiqe-sertleri.pdf

Qeydiyyat forması: http://mct.gov.az/medias/media/other/764/qeydiyyat-formasi.docx