Respublika Gənclər Kitabxanası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “İlham Əliyevin gənclər siyasəti” adlı videoçarx, virtual sərgi və kitabxana daxilində ənənəvi sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, bir neçə bölmədən ibarət olan virtual sərgidə dövlətimizin başçısının həyatı, təhsil illəri, prezidentlik fəaliyyəti haqqında geniş məlumat verilir. Virtual sərgidə dünya miqyaslı siyasətçilərin, dövlət xadimlərinin Müzəffər Ali Baş Komandan haqqında söylədikləri fikirlər, onun haqqında yazılan kitablar, bu nəşrlərin tam təsvirləri, annotasiyaları öz əksini tapıb.

Virtual sərgidə istifadəçilərə Azərbaycan, rus və ingilis dillərində 32 adda elektron variantı olan kitablar təqdim olunub.

“İlham Əliyevin gənclər siyasəti” adlı videoçarx isə Prezidentin müxtəlif rəsmi görüşlərdə, tədbirlərdə müasir gəncliyimiz haqqında söylədiyi çıxışların, dilə gətirdiyi fikirlərin toplusudur. İzləyici videoçarxa baxdıqca son onilliklərdə müasir gəncliyimizin necə inkişaf etdiyini, necə yeni – yeni sərhədləri, hüdudları aşaraq beynəlxalq uğurlara, müvəffəqiyyətlərə imza atdığının şahidi olur. Videoçarxda Prezidentin gəncliyimizə olan sonsuz inamı, etibarı, 44 günlük Vətən müharibəsinin döyüş meydanında gəncliyimizin nümayiş etdirdiyi şücaətinə, qəhrəmanlığına ehtiramı aydın hiss olunur.

Bundan əlavə, kitabxana daxilində “İlham Əliyev 60” başlığı altında ənənəvi sərgi də təşkil edilib. Sərgidə Prezident İlham Əliyevin həyat və fəaliyyətinə, beynəlxalq siyasi arenada qazandığı nailiyyətlərə, daxili və xarici siyasətinə həsr olunmuş kitablar yer alır.

Hazırlanan materiallar kitabxananın sosial hesablarında nümayiş olunur.