AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Nizami Gəncəvi dövrü maddi mədəniyyətin işığında” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr haqqında məlumat verib. O qeyd edib ki, dövlət başçısının Nizami Gəncəvinin 880 illiyinin keçirilməsi ilə bağlı Sərəncamından sonra dahi şairin ölkəmizdə və beynəlxalq miqyasda tanıdılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Nizami irsinin yenidən araşdırılması, öyrənilməsi və təbliği istiqamətində yeni hərəkata start verilib, fundamental tədqiqatlar aparılıb.

Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin institutlarında “Nizami Gəncəvi İli”nə həsr olunmuş 45 kitabın (14-ü xaricdə) çap olunduğunu, 104 məqalənin yazıldığını (41-i xaricdə), həmçinin 46 konfransın (onlardan 20-si respublika, 16-sı beynəlxalq) keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov bildirib ki, milli-mənəvi dəyərlərə hörmət ölkə başçısının apardığı siyasətin mühüm tərkib hissələrindən biridir. “Nizami dövrünün ictimai-siyasi mühiti” mövzusunda məruzə ilə çıxış edən A.Seyidov konfransın “Nizami Gəncəvi İli”nə töhfə olduğunu deyib və tədbirdəki məruzələrin kitab şəklində çap olunacağını söyləyib.

Konfransın plenar iclasında “Nizami vətəni Gəncənin həmdövrü olan Əbdülməkarim Mücirəddinin yurdu Beyləqan şəhəri haqqında”, “Şirvanşahların son iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqatlar”, “Xaraba Gilanın Nizami dövrü memorial abidələri” və “Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsində ərmən məsələsi” adlı məruzələri dinlənilib.

Plenar iclasdan sonra çıxışlar seksiyalar üzrə davam etdirilib.