2021-ci il ərzində Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivlərdən çox sayda müxtəlif afişa və plakatlar, görkəmli kinematoqrafçılara məxsus şəxsi əşyalar, 1000-dən çox fotosənədlər daxil olub.

Fonddan bildirilib ki, kino lentlərində qorunan “Ögey ana”, “Dəli Kür”, “Dədə Qorqud”, “Günlərin bir günü”, “Babək”, “Nizami” və s. bədii, “Aşıq Ələsgər” (Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq), “Mikayıl Abdullayev”, “Səttar Bəhlulzadə”, “Əzim Əzimzadə”, “Mirzə Kazım bəy”, “Fərhad. Portret cizgiləri” və s. sənədli filmlər bərpa olunub.

Ümumilikdə 20 fond olmaqla, Xalq artistləri Rasim Ocaqov, Eldar Quliyev, Leyla Bədirbəyli, Şahmar Ələkbərov, Süleyman Ələsgərov, Hökümə Qurbanova, Ənvər Həsənov, Əməkdar incəsənət xadimləri Rasim İsmayılov, Şərif Şərifov, Rüfət Şabanov, Vladimir Konyagin, qocaman rejissor Niyazi Bədəlov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və digər kinematoqrafçıların şəxsi arxiv fondları yaradılıb.

Bundan başqa, ötən əsrdə kino istehsalında istifadə olunmuş 18 ədəd nadir kino çəkilişi avadanlığı bərpa olunub.

2021-ci ildə Dövlət Film Fonduna bir sıra dövlət və özəl studiyalarda istehsal olunmuş (“Olimpi­ya”, “Köşk” (çoxseriyalı), “Quyu”, “Levonun son payızı” bədii, “Unudulmuş dəhliz”, “Bizim komandir”, “Qapı”, “Yarıda qalan uçuş”, “Biz”, “27 sentyabr. Qələbənin ilk günü”, “Görünməyən qəhrəmanlar”, “Hərbi Hava Qüvvələri”, “Böyük əmr”, “Fulya” sənədli, “Tıq-tıqla möcüzələr axtarışında. 2-ci bölüm: Qobustan” animasiya və s.) filmlər daxil edilib.